Azərbaycançılıq ideologiyası milli kimlikdə – Terane Turan Rehimli

Terane Turan Rehimli

Azərbaycançılıq ideologiyası milli kimlikdə

Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var. Sadalanan bu faktorlar bütövlükdə həmin xalqın bir növ milli ideologiyasını təşkil edir. Məlum səbəblərdən ölkəmiz 70 il sovet imperiyasının tabeliyində olub. Lakin buna baxmayaraq, xalqımız öz milli kimliyini itirməyib. Bütün çətinliklərə rəğmən, onu qoruyub saxlamağı bacarıb. Milli ideologiyamız olan azərbaycançılıq da kimliyindən asılı olmayaraq, hər kəsi bir arada birləşdirib və həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də Azərbaycançılıq ideologiyasının təbliği mühüm əhəmiyyət kəsb edir. Şair, filoloq-tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimli ilə söhbətimizi də bu mövzuda qurduq.

– Azərbaycançılıq ideologiyası milli kimlikdə…

– Azərbaycançılıq ideologiyası milli kimliyimizdə kifayət qədər dərin, mükəmməl ehtiva olunub. Həm də bu yaxın tarixin reallığı deyil. Hələ XX əsrin ilk rübündə bu ideologiya milli kimlikdə son dərəcə dolğun ifadəsini tapmışdı. Keçmiş sovet hakimiyyəti illərində, hər cür siyasi yasaqlar, təzyiqlər dövründə belə azərbaycançılığı bir ideologiya kimi inkişaf etdirən, yaşadan böyük milli şəxsiyyətlərimiz olub. Səməd Vurğunun 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri azərbaycançılıq ideologiyasının təkmilləşib inkişaf etməsində çox önəmli rol oynadı. Həmin şeiri təkcə poeziyamızda, bədii fikrimizdə deyil, bütövlükdə milli mədəniyyətimizdə azərbaycançılığın simfoniyası kimi qəbul etmək daha məntiqlidir. Bu gün də həmin ideologiyanın milli kimliyimizdə layiqincə təzahür etdiyi fikrindəyəm. Məgər son illərdə əldə etdiyimiz nailiyyətlər (istər siyasi, iqtisadi arenada, istərsə də elm və mədəniyyət sahəsində) bunun bariz örnəyi deyilmi?! Eləcə də bu gün vətənpərvərliyimizə, müasir gənclərin Azərbaycan eşqinə, vətən sevgisinə dair bütün şübhələrə, tərəddüdlərə son qoyan ən yaxın qəhrəmanlıq tariximiz – Mübarizin rəşadəti bu ideologiyanın çox-çox dərinlərə kök atdığını göstərmədimi?!

– Milli qəhrəmanlarımız, şəhidlərimiz bizdə qərbli gənclərdə formalaşmış ideologiyanı  formalaşdıra bildi.

– Doğrusu, mən bu qənaətdə deyiləm ki, qərbli gənclərin hər birində ideologiya var. Əgər belə olsaydı, inanın ki, dünyadakı bu günkü xaosun əvəzinə tamamilə başqa bir mənzərə ilə qarşılaşardıq. Dediyiniz kimi olsa belə, ideologiyanın varlığı hələ bu ideologiyanın məzmunundan xəbər vermir. Qərbli gənclərin ideologiyası humanist məzmunludurmu, yoxsa antihumanistmi, məsələ bundadır. Amma hər zamankı kimi ideologiya məsələsinə də Qərb-Şərq müqayisəsi kontekstində yanaşsaq, görəcəyik ki, bizim gənclər ideoloji inkişaf baxımından Qərbli yaşıdlarından daha irəlidədirlər. Çünki, ən azı bizim ideologiyamız böyük humanizmi ilə seçilir, ikiüzlülüyü, saxtakarlığı, demokratizmlə pərdələnmiş qəddarlığı təlqin etmir, əksinə, ən ali insanlıq duyğularına köklənib.

Milli qəhrəmanlarımızın, şəhidlərimizin hünər və rəşadətinin yeni nəsillərin ideoloji cəhətdən formalaşmasında, əlbəttə, çox önəmli təsiri olub. Lakin belə bir hökm vermək olmaz ki, bu mütləq qərbli gənclərdə formalaşmış ideologiyanın eynidir. Şəksiz deyə bilərəm ki, bizim gənclər hər bir millətdə olduğundan daha yüksəkdə dayanan ideologiyaya sahibdirlər. Qoy, bu məsələdə Qərb bizi örnək alsın.

– Xalqımızın gələcəyini təmin edən ideologiyada nələr çatışmır? 

– Mən məsələyə “xalq” yox, “millət” anlayışından çıxış edərək münasibət bildirmək istəyirəm. Çünki, xalqımızın daha əvvəl M.Ə.Sabir dövründən başlayan millət olmaq uğrundakı ideoloji mübarizəsi çoxdan uğurla başa çatıb. Millətimizin gələcəyini təmin edən ideologiya, əlbəttə, ilk növbədə, milli ideologiyadır. Bu ideologiyanın məzmununda çatışmazlıq axtarmağı isə məqbul hesab etmirəm. Böyük ideoloqlar belə buna cəsarət etməyiblər. Lakin məsələni “bu ideologiyanın təbliğində nələr çatışmır?” kimi qoymaq daha məntiqəuyğundur. Bu ideologiyanın təbliğində çatışmayan əsas cəhət isə kütləvi informasiya vasitələrinin məsələyə diqqətinin lazımi səviyyədə olmamasıdır. Gənclərin tərbiyəsinə mənfi təsir göstərən şoulara, əyləncəli proqramlara əmək sərf etməkdənsə, milli ideologiyanı möhkəmləndirən intellektual verilişlərə daha çox vaxt ayırmaq  məqsədəuyğundur.

– İdeologiyanın etnik kimliyə, yoxsa vətəndaş birliyinə söykənən bir təlim olması əsasdır?

– Bir qədər ağır sualdı. Eyni zamanda çoxşaxəli və geniş açıqlama tələb edən sualdı. Lakin bir qədər konkret və sadə cavab verəcəyəm. Heç bir ideologiya özbaşına, əlahiddə şəkildə mövcud deyil, yaşamaq üçün mütləq etnik kimliyə də, vətəndaş birliyinə də ehtiyacı var. Təsəvvür edin, Türk qövmü, yoxsa (Allah Türkü qorusun!), türkçülüyün bir ideologiya kimi dəyəri qalarmı? Yaxud vətəndaş birliyi olmadan bu ideologiyanın yaşarılığını təmin etmək mümkündürmü? Bu cəhətdən milli ideologiyanın zəminində həm etnik kimliyə, həm də vətəndaş birliyinə əsaslanan təlim dayanmalıdır.

– Azərbaycançılığın özündə ehtiva etdikləri…

– Azərbaycançılıq – vətəndaşı olduğumuz, əcdadlarımızın doğulub-yaşadığı, qoruduğu bu müqəddəs vətəni sevməkdən başlayır. Daha sonra vətənini, millətini mənəvi-estetik enerji qaynağı kimi görmək, onun varlığından güc almaq, onu layiqincə tərənnüm etmək, sözü, əməli ilə ona layiq olmaq, onun təəssübünü çəkmək, onu bütün cahana tanıtmaq istəyi ilə çırpınmaq… və daha sadalaya bilmədiyim yüzlərlə ali keyfiyyəti özündə ehtiva edir.

– Deyirlər, türkçülüklə azərbaycançılıq bir-birini tamamlayan bir vəhdətdir.

– Əli Bəy Hüseynzadə yazırdı: “Millət nə irqə, nə qövmə, nə coğrafiyaya, nə siyasətə, nə də iradəyə bağlı bir topluluq deyildir. Millət dil, din, əxlaq və bütün gözəl sənətlər – estetika baxımından ortaq olan, yəni eyni tərbiyəni görmüş fərdlərdən ibarət bir zümrədir”. Bu aspektdən yanaşanda təbii ki, “Bir millət, iki dövlət” tezisinin ifadə etdiyi həqiqətin dərki də asanlaşır. Təbii ki, hər iki ideologiyanın kökündə milli-tarixi kimliyimizin təsdiqi, tərənnümü, təbliği məqsədi dayanır. Və bir qədər obrazlı desək, onların – türkçülüklə azərbaycançılığın bir kökdən qidalanıb eyni dadı olan meyvələr verməsi də qanunauyğundur. Burada bir faktı da xatırlamaq lazımdır ki, elə türkçülüyün ilk elmi-nəzəri modelinin işlənməsi də dahi bir azərbaycanlının – Əlibəy Hüseynzadənin adı ilə bağlıdır. Gec də olsa ədəbi-elmi fikrimiz  Ziya Göyalpdan əvvəl türkçülüyə ilk sistemli elmi yanaşmanın müəllifi kimi “Türkçülüyün Atası” statusunu almağın məhz Əlibəy Hüseynzadənin mənəvi haqqı olduğunu isbat etdi.

– Azərbaycandan kənarda yaşayan türkçü insanların bir qismində “Azərbaycançılıq” duyğusunun olmaması  getdikcə adiləşir.

– Məgər məkan fərqi bizim hiss və düşüncələrimizə təsir etmək gücündədirmi? Əsla! Bu gün vətəndə yaşayan ziyalılarımızın içərisində də türkçülüyə dəyər verib azərbaycançılığın mahiyyətinə varmayanlar çoxdur. Azərbaycan sevgisi ilə Türk sevgisi, heyranlığı arasında incə bir sərhəd və çox qüvvətli bir rabitə var. Bəzən bu sevginin sərhəddləri əriyib-itir, bir-birinə qarışır, bu zaman türkçülüklə azərbaycançılıq bir nöqtədə birləşir, eyniləşir… Məncə həmin çaşqınlıq da buradan irəli gəlir.

– Əsas problem müasir cəmiyyət yaratmağa qabil olan qreativ insanlardan ibarət milləti formalaşdırmaqdır…

– Deməzdim. Çünki “qreativ” sözü leksikonumuzda təzə olsa da, ifadə etdiyi məzmun həyatımız üçün yeni sayılmır. Böyük insanlardan ibarət millət formalaşdırmaq cəhdinin özü ağlabatan deyil. Bir millətin böyük şəxsiyyətlərinin sayı çoxdursa, bu yetərincə mükəmməl cəmiyyət yaratmağa kifayət edər. Həmin cəmiyyətin müasirliyinə gəlincə, bu bir qədər mübahisəli məsələdir. Müasirlik həmişə xoşbəxtlik gətirmir. Belə olsaydı, indi köhnə milli-mənəvi dəyərlərimizə qayıtmaq ehtiyacı hiss etməzdik. Azərbaycan böyük keçmişi olan ölkədir, millətimizin bu gün örnək kimi qəbul edə biləcəyi bir millət tanımıram. Çünki, o neçə-neçə millətlərə örnək ola biləcək yüksək mənəvi dəyərlərə sahibdir. Ən böyük qreativliyi də elə bunda axtarmaq lazımdır.

– Qreativ zümrə – cəmiyyətin hərəkətverici qüvvəsidir.  Bəs deyirlər XXI əsrdə Azərbaycan ideyasının mahiyyəti, əsas məzmunu bundan ibarətdir?

– “Qreativ” – “böyük” deməkdir. Yəni, düşüncə çevrəsi, yaradıcılıq, fəaliyyət sahələri daha geniş olan böyük insanlar cəmiyyət həyatını istiqamətləndirməlidir. Bu, həmişə belə olub. Tarixin bütün dönəmlərində böyük düşüncə sahibləri əsas hərəkətverici qüvvə kimi cəmiyyəti yönləndirib, idarə ediblər. Sadəcə bu gün bu tələb bir qədər də dərinləşib. Yaşadığımız yüzillikdə Azərbaycan ideyasının mahiyyətinə, məzmununa məhz qreativliyin nəsə əlavə edə biləcəyi müəmmalı görünür.

– Bu barədə yazılan əsərlər nə dərəcədə oxunur və necə təsir edir?

– Söhbət azərbaycançılıqdan gedirsə, bu mövzuda yazılan elmi-nəzəri fikirlər toplusunu müasir oxucuya kütləvi şəkildə oxutmaq qeyri-mümkündür, təbliğat nə qədər güclü olsa belə. Lakin bədii fikrin bu məzmunda ifadə etdiyi həqiqətlər daha yaxşı həzm olunduğundan oxucu marağı da böyükdür. Əlbəttə, burada bədii fikrin siqləti, sənətkarlıq qüdrəti də mühüm rol oynayır. Eləcə də müasir oxucunun bədii zövqü əsas amil kimi nəzərə alınmalıdır. Təsirə gəlincə, bədii təsir, ədəbiyyatın tərbiyəvi rolu o vaxt gerçəkləşə bilər ki, yazılan həqiqət aydın dərk edilsin.

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s