Əbədi sevginin tərənnümü ilə dolu poeziya – Gülaliyrin Eyvaz (BİR DAŞ DA VƏTƏNDİR…) / Namiq Fərzəliyev şair

Gülaliyrin Eyvaz

 BİR DAŞ DA VƏTƏNDİR…   

Güləliyev Eyvaz Teymur oğlu 1969- cu ildə Qusar rayonunun Cibir kəndində anadan olmuşdur. Orta təhsilini Cibir kənd orta məktəbində almış, 1992-ci ildə ADPU-nun riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, Qusar rayonunun Ləcət, Piral məktəblərində, hal-hazırda Cibir kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir.

200-ə yaxın yetirməsi tələbə adına layiq görülüb.

Bədii yaradıcılığa məktəb illərindən başlayıb. 1988-ci ildə “Qızıl Qusar” qəzetində ilk dəfə şeirləri çap olunub. “Samur”, “Ləzgi qəzet”, “Alpan”, “Ürək sözü” qəzetlərində, “Dağıstan qadını”,“Çırağ”, “Alam”, “Samur” jurnallarında çap olunub.

Gülaliyrin Eyvazın “BİR DAŞ DA VƏTƏNDİR…” kitabı oxucularla altıncı, azərbaycanlı oxucularla birinci görüşüdür. Ləzgi dilində beş poeziya kitabı Bakıda və Mahaçqalada nəşr olunub. Özünün ifasında “Ч1алан мани», «Ч1ал я зи рик1», «Дагъларин тарс» («Dilin nəğməsi”, “Dilimdir qəlbim”, “Dağların dərsi”) audio disklərinin müəllifidir.

2013 cü ildən “Alam” jurnalının nəzdində “Marvar” ədəbi dərnəyinin rəhbəri və yaradıcılarından biridir. Şair belə gözəl tərcümələrinə görə qəbələli şair dostu Qərib Hüseynova minnətdarlığını bildirir. 

 ***

Qərib Ərifşah oğlu Hüseynov  25 fevral 1958-ci il tarixdə Qəbələ rayonun  Qəmərvan kəndində anadan olub. 1975-ci ildə həmin kənd orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1980-ci ildə ali məktəbi bitirib Qəbələ rayonun Mıxlıqovaq və Qəmərvan kənd orta məktəblərində müəllim, hərbi rəhbər, rayonun Texniki Yaradıcilıq Mərkəzində direktor işləyib. Hal-hazırda Qəbələ şəhər 3 saylı tam orta məktəbində müəllim işləyir.

      Bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. “Fizikin sevgisi” adlı ilk şeri 1978- ci ildə universitetin  və Qəbələ rayonunda çıxan  “Qalibiyyət” qəzetlərində dərc olunub. Sonralar “Azərbaycan müəllimi”, “Kirpi”, “Ədəbiyyat və İncəsənət”,  “Şəfqət” və s. gəzet və jurnallarda, “Qəbələnin səsi”, “Könül dünyası” və s. Almanaxlarda nəşr olunub. İki kitabın redaktorudur. Hazırda “Facebook” profilində yaradıcılığını davam etdirir. Ləzgi və Azərbaycan dillərində yazır, hər iki dilə tərcümələr edir.

Ailəlidir, üç övladı var.

 

Əbədi sevginin tərənnümü ilə dolu poeziya
 
Nə dedimsə, sözüm sözü gətirdi
Fəhmim şerə uca hislər ötürdü.
Eyvazam mən, məni zaman yetirdi,-
Тapılarmı söhbətimdən yorulan?
 
Gülaliyrin Eyvaz- bu ad çoxdandır ləzgi ədəbiyyatını sevənlərin qəlbində özünə möhkəm yer edib. О, ləzgi poeziyasının səmasında bir ulduz kimi parlayıb, özünün dediyi кими, onu doğrudan da zaman özü bizə yetirib. Gülaliyrinin təbini, poeziyasını bulaqla, çeşmə ilə müqayisə etsək, heç də yanılmarıq. Elə bir çeşmə ki, dərin yer qatlarından fəvvarə vurmuş, gunü-gündən güclənmiş və güclənməkdə davam etməkdədir. Başqa cür ola da bilməz, çünki gücünü doğma elindən, öz ana dilindən alır o çeşmə, o bulaq!
Ləzgi ədəbiyyatının klassiki sayılan Yetim Eminin yaradıcılıq ənənələrini davam etdirən, özünü mübariz ruhlu şairlərimiz Zabit Rizvanovun, Ləzgi Nemətin şagirdi sayan şair yazır:
 
Dərdim bildim əzabını Eminin,
Dilmancıyam Zabitin də qəminin,
Uf demədən içdim Nеmət əminin
Sözlərini-o, məzarı pir olan!
 
Şairin hər sözü bir incidir, onun şeirlərində yerində işlənməyən söz yoxdur. О, elə bir bənnadır ki, ucaltdığı binanın hər bir kiçik daşını da seçərək yeгinə qoyur:
 
Ruhum köz tutmasa, gilə vermərəm,
Söz ki bərəkətdir, yelə vermərəm,
Hissimi hərcayı ələ vermərəm.
Götür-qoy edərəm, nədir əlacım-
Ürəkdən dilimə qədər savaşım!
 
“Bu daş da Vətəndir”,- deyən şairin qəlbi daim Vətən hissi, doğma torpağına, elinə məhəbbət hisləri ilə döyünür. Onun üçün Vətəni, doğma eli, anasının dili dünyanın hər nemətindən üstündür.
Baş əyirəm torpağıma,
Vətən adlı növrağıma,
Şərik çıxdı iç yanğıma
Öz dilim- odur ürəyim!
 
deyən şair özünü bir an da olsa elindən, obasından, dilindən, xalqından ayrı təsəvvür edə bilmir.
Şair şifahi ləzgi ədəbiyyatını da çox gözəl bilir. Bu onun bütün əsərlərində hiss olunur. O cümlədən, şair Azərbaycan ədəbiyyatı ilə də çox yaxından tanışdır. Ləzgi ədəbiyyatının bir çox tanınmış nümayəndələri- A. Mehman, Ş-Ə.Muradov və başqaları kimi o da gözəl qəzəllərin müəllifidir. О, eşqə, məhəbbətə bir ülvi hiss kimi baxır, özünün də belə hislərə biganə qalmadığını tərənnüm edir və cavan nəsillərə təmiz məhəbbətlə sevməyi tövsiyyə edir:
Şair Eyvaz “Yox!”- söyləməz, şum etsən də ürəyini,
Hamı kimi olur məftun, sevgi adlı tilsim görcək.
 
Ammа burda da şairin bir xüsusiyyətini qeyd etmək istərdim. Onun qəzəllərinin əksəriyyətində gözəllərə bəslənən eşq-məhəbbət hislərindən vətəninə, torpağına, elinə və dilinə bağlılığı daha qabarıqdır və ön planda təsvir olunur:
 
Bu Eyvaza o ürəklər olmazdı məskən-
Qəzəlinə Vətən dərdi bir yük olmasa!
 
Şair doğma dağlarla, ildən-ilə boşalan kəndlərin qayğıları ilə baş-başadır:
Tənha dağlar, dalğın Eyvaz söhbətdəyik, bitib ta yaz
Ocağı boş qoymaq olmaz, yad torpaqda ruzi görüb.
 
Yaxud başqa bir qəzəlində olduğu kimi:
 
Pul gəlməyən xəzinətək el də ev-ev yoxa çıxar,
Öz dilini itirənin heç üstünə gün düşməsin.
Dəvəsinin ayağına daş da dəysə, ötər karvan
Qəriblikdə mən Eyvazin saçlarına dən düşməsin!-
 
deyən şair vətənində yediyi yavan çörəyi qürbətin var-dövlətindən, dünyanın daş-qaşından üstün sayır, ana dilini itirənləri «üstünüzə gün düşməsin»,- deyə məzəmmət edir.
Eyvaz Gülaliyrinin yazdığı mövzular rəngarəngdir, dolğundur, cəlbedicidir. Cəmiyyətin, bəşər həyatının elə bir istiqaməti qalmayıb ki, şair ona öz yazılarında yer ayırmasın. «Aydan gələnlər» poemasında şair təbiətimizin məhv olmasına dözə bilmir:
Ağac qələm acığımdan
Əlimdə əsir.
O yüz illik nəhəngləri
Satan tələsir,-
 
deyərək təbii sərvətlərə kor baxanları, аnа təbiətimizə nankor çıxanları, sabahımızı, gələcək nəsillərimizin necə olacaqlarını düşünməyərək meşə və çaylarımızı, gözəl dağlarımızı qazanc mənbəyinə çevirən üzdəniraq «vətəndaş»ları tənqid atəşinə tutur, cəmiyyəti onlara qarşı mübarizəyə çağırır:
 
Necə gəldi talan olur təbiət-
Bəlkə hamı birdən köçüb gedəcək?
Günahkarı dirəməsək divara,
Sabah bizdən qisas alar- gələcək!
 
Bu ənada gənc Ramidin əziyyət çəkərək gələcək nəsillərimizə çatsın deyə, onların deyəcəyi «bir sağ ol»u naminə bağ salmasını alqışlayır:
 
Tanıdım mən- Ramid idi,
O cavan oğlan.
Mənim çaşqın xəyalıma
Gün doğdu o an:
-Salammaleyk, işin avand!
-Sağ ol, müəllim!
İstəyirəm bu boş döşdə
Gözəl bağ salım.
Dincin alıb keçənlərdən
Bir “Sağ ol!”,- alım.
 
Eyvaz müəllimin bütün poeziyası belə xeyirxahlıq hisləri ilə, elinə-obasına məhəbbətlə, doğma torpağına, öz dilinə sevgi ilə yoğrulub. Şan-şöhrət hislərinə tamamən biganə olan, onlara keçici təəssürat kimi baxan şairin lirikası da başdan-ayağa qalıcı, əbədi bir sevginin tərənnümü ilə doludur:
 
Yaman daldım gözəlliyin dadına,
Uzaq gedər minən eşqin atına.
Qucaq açıb, məni salan yadına
Öz elimlə güzərana aşiqəm!..
 
Şair Eyvazın şeirlərindən və biri-digərindən gözəl və təsirli poemalarından oxumaqla, eləcə də onlar haqqında söhbət açmaqla doymaq olmur. Bu kitabda oňun zəngin yaradıcılığının ancaq bir qismi verilmişdir. Oxucular kitabla tanış olduqca qeyri-adi bir istedad sahibi ilə üzləşdiklərini hiss edəcəklər, onun doyumsuz poeziya aləmində bir çox suallarına cavab tapacaqlar.
“Ömür nəğməsi” şairin Azərbaycan dilində çıxan birinci kitabıdır. İnanıram ki, onun Azərbaycan dilli oxucularla hələ çox görüşləri olacaq, gələcəkdə də bizi yeni-yeni kitabları ilə feyziyab edəcək, uğurlu yazıları ilə bizə poetik ovqat bəxş edəcək.
…Bir-iki söz də tərcümə barəsində demək istəyirəm. Onu deyim ki, Gülaliyrin Eyvazın şeirləri dərin mənası, fəlsəfi yükü ilə yanaşı, həm də, milliliyi ilə seçilir. Milli dilin söz və ibarələri, danışıq tərzi, adət-ənənəsi və digər xüsusiyyətləri onun yaradıcılığına elə hopub ki, ləzgi dilini mükəmməl bilməyən hər hansı tərcüməçi onun əsərlərini lazım olan səviyyədə oxuculara çatdıra bilməz. Hətta ona ən keyfiyyətli sətri tərcümə də kömək edə bilməz. Ona görə də onu tərcümə etmək hər tərcüməçinin gücü daxilində deyil. Bunun üçün həm orjinalın dilinin milli xüsusiyyətlərini, həm də çevriləcək dilin qaydalarını xırdalıqlarına qədər bilməlisən. Şairin yaşadıqlarını sətirbəsətir özün də yaşamalısan. Bu cəhətdən çox bacarıqlı qəbələli şairimiz Qərib Hüseynov müəllifin bəxtinə taleyin hədiyyəsi kimi düşüb və tərcümə çox yaxşı alınıb! Bütün əsərlər həm formaca dəqiq saxlanılıb, həm də məzmunca orjinala çox yaxındır. Gülaliyrin Eyvaz və Qərib Hüseynov tandemi bu cəhətdən çox uğurlu alınıb. Ümidvaram ki, onların uğurlu əməkdaşlığı gələcəkdə də davam edəcək. Gəlin, hər iki qələm sahibinə uğurlar diləyək.
 
Namiq Fərzəliyev şair

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s