YAMABE AKAHİTO : YAPON ƏDƏBİYYATINDAN DAHA BİR TƏRCÜMƏM / Rus dilindən tərcümə edən: Təranə Turan Rəhimli

 
YAMABE AKAHİTO
 
YAPON ƏDƏBİYYATINDAN DAHA BİR TƏRCÜMƏM
 
Yamabe Akahito VIII əsrin birinci yarısında yaşayıb-yaratmış görkəmli yapon xalq şairidir. Onun haqqında bioqrafik məlumat dövrümüzədək gəlib çatmamışdır. Yalnız bu məlumdur ki, o, saray şairi və kiçik dərəcəli saray məmuru olmuşdur. Mənbələrdə onun imperatriçanı müşayiət etdiyi qeyd olunur. Yaponiyanın Nara dövründəki ikinci hökmdarı, 724-749-cu illərdə hökmranlıq etmiş imperator Syomunun məiyyətindən (svitasından) biri kimi onunla birlikdə 724 və 736-cı illər arasında ölkə üzrə səyahətlər etmişdir. Şairin nəğmələrinin çoxu səyahət zamanı yazılmışdır. Nara dövründə tərtib olunmuş ən köhnə və ən mötəbər yapon poeziyası antologiyasına, “saysız-hesabsız yarpaqları toplusu” və ya “min bir yarpaq” adıyla da tanınan Manyoşuya Akahitonun 13 teka (“uzun şeirlər”) və 37 tankası (“qısa şeirlər”) daxil edilmişdir. O, Heyan dövründə aparıcı poetik janrlardan biri olan mənzərə lirikasının əsasını qoymuşdur. Şair mənzərə lirikasının ustası hesab edilirdi və Hitomaroyla yanaşı kami şairləri sırasına aid edilmişdir. Akahito doğma təbiətin gözəl nəğməkarı kimi tanınıb, misilsiz tanka (“qısa nəğmə” – 31 hecalı, beş sətirli yapon şeir janrı, çoxşaxəli vaka janrının şəkillərindən biri, yapon feodal lirik poeziyasının əsas forması) ustası kimi şöhrətlənmişdir. Yamabe Akahitonun məşhur yaradıcılığı Yaponiyanın simvolu hesab edilən sevimli Fuci dağına həsr olunmuşdur. Akahito həmçinin orta əsrlərlərdə təşkil olunmuş Yaponiyanın ən böyük şairlərinin siyahısına – “36 ölməz şair” cərgəsinə daxil edilmişdir. Yamabe Akahito 736-cı ildə vəfat edib.
 
Fuci dağını tərənnüm edən oda
 
..Təkcə göy və yer genəldi –
Həmin anda
Fuci zirvəsi yüksəldi
Suruqa ölkəsində,
Ulu, əzəmətli, böyük,
Allahın təcəssümü tək.
Nə vaxt ki, boylanıb
səmaya baxdım,
O ağappaq işığıyla
yüksəklərdə parıldadı.
Və günün günorta vaxtı
Günəş nurunu itirdi.
Gecə ay da işığını
bizdən uzağa ötürdü.
Təkcə buludlar süzürdü
Bu nəhəng sükut içində,
Unudub zaman həddini
Göydən qar tökülürdü
Bir boyda, bir biçimdə.
Sənin gözəllik nağılın
dildən dilə düşəcəkdi,
gedəcəkdi uzaqlara
bu gözəlliyin səsi,
Ağızdan ağıza, əsrdən əsrə…
Fucinin yüksək zirvəsi!
 
 
Kaesi-uta (nəqərat)
 
Nə vaxt Taqo körfəzindən
Çıxacağam açıqlığa,
Baxacağam gözlərimin önündəki
İşıq saçan ağlığa,
Ən ucqarda
Fuci zirvəsi duracaq.
Gözqamaşdıran qarıyla
Yenə, yenə parlayacaq.
 
 

Rus dilindən tərcümə edən: Təranə Turan Rəhimli

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s